Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası çərçivəsində Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə edilmiş səfərin çox faydalı və səmərəli olduğunu düşünürəm. Çünki cəbhə xəttində, müharibədən yeni çıxmış və COVID-19 ilə mübarizə aparan bölgələrdə səhiyyə ehtiyaclarını yerində öyrənmək və resurslarımızla həmin ehtiyacları qarşılamaq imkanı əldə etdik. Tezliklə həmin ərazilərdə səhiyyə ehtiyaclarının təmin olunacağına və müsbət nəticələr əldə ediləcəyinə inanıram.
Hafta.az xəbər verir ki, bunu TƏBİB-in nümayəndəsi Ramin Bürcəliyev ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair virtual mətbuat konfransında deyib.
“Bu il COVID-19-la mübarizə apardığımız zaman ərazi bütövlüyümüzün bərpası uğrunda müharibə başladı. Səhiyyə olaraq hər iki cəbhədə gücləndirilmiş iş rejiminə keçdik. Bu, heç də asan deyil. Həm yaralıların müalicəsi, reabilitasiyası, həm də koronavirusa yoluxan vətəndaşların müalicəsi aparıldığından bütün tibbi personal cəlb olundu. Türkiyə və digər ölkələrdən istər könüllü, istərsə də dəvətlə tibbi personal gətirildi. Ümumdünya Səhiyyə Təşkilatı da öz dəstəyini heç zaman əsirgəmədi. İstər Vətən müharibəsi dövründə, istər COVID-19-la mübarizədə göstərdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdaram”, - deyə R.Bürcəliyev vurğulayıb.